Finss.az - İtaliyanın məşhur Anyelli ailəsinin nəzarətində olan Exor holdinqi Ferrari şirkətindəki 4% payını 3 milyard avroya satıb.
Bununla da holdinqin Ferraridəki payı 20%-ə düşüb. Şirkət bu addımı aktivlərin diversifikasiyası və yeni strateji investisiyalar üçün maliyyə təminatı məqsədilə atıb.
Eyni zamanda, Ferrari geri alım proqramı çərçivəsində 667 min öz səhmini 300 milyon avroya geri alıb. Bu xəbərlərin fonunda Ferrari səhmləri 7% ucuzlaşıb, Exor-un səhmləri isə 2,7% bahalaşıb. Satış qiyməti bir səhm üçün orta hesabla 450 avro təşkil edib ki, bu da əvvəlki bağlanış qiymətindən (483 avro) aşağıdır.
Exor-un baş direktoru Con Elkann bildirib ki, şirkət Ferrari-də 30% səsvermə hüququ ilə ən böyük səhmdar olaraq qalır və Piero Ferrari ilə uzunmüddətli əməkdaşlığını davam etdirir.
Exor əldə etdiyi vəsaiti Stellantis, Philips, Iveco, CNH və "Yuventus" futbol klubunu əhatə edən investisiya portfelinin genişləndirilməsinə yönəltməyi planlaşdırır.