Finss.az - Tesla-nın Çində avtomobil satışları yanvar ayında azalıb.
CNBC-nin məlumatına görə, şirkət ötən ay 63 238 ədəd elektromobil satıb ki, bu da 2024-cü ilin yanvar ayı ilə müqayisədə 11,5% azdır. Ötən ilin eyni dövründə Tesla 71 447 ədəd avtomobil satmışdı.
Bu satış azalması fonunda Tesla-nın səhmləri premarqetdə təxminən 1,5% ucuzlaşıb və cümə axşamı ticarət sessiyasının sonunda 1% dəyər itirib.
Buna qarşılıq olaraq Tesla-nın Çinli rəqibi BYD elektromobil və plug-in hibrid modellərinin satışını əhəmiyyətli dərəcədə artırıb. Yanvar ayında BYD 296 446 ədəd nəqliyyat vasitəsi satıb ki, bu da illik hesablamada 47%-lik artım deməkdir. Bundan əlavə, Changan Automobile və Xpeng kimi digər Çinli avtomobil istehsalçıları da satışlarında artım qeydə alıb.
Tesla, bazarda rəqabət qabiliyyətini qorumaq üçün qiymət endirimlərinə üstünlük verir. 2023-cü ilin sonunda şirkət Model Y-nin qiymətini aşağı salıb və faizsiz beşillik kredit planını yanvar ayının sonuna qədər uzadıb.
Şirkət sonuncu dəfə 2023-cü ilin sonunda 80 000 dollardan başlayan Cybertruck modelini təqdim edib. Hazırda investorlar Tesla-nın kütləvi bazar üçün daha əlverişli yeni model təqdim edəcəyini gözləyir. Tesla-nın yeni büdcə modelini 2025-ci ilin birinci yarısında təqdim edəcəyi ehtimal edilir.
Eyni zamanda, Tesla bu il Çində "Tam Avtonom İdarəetmə" adlandırdığı sürücü dəstək sistemini istifadəyə verməyə hazırlaşır. Bu addım şirkətin yerli bazardakı rəqiblərinin təqdim etdiyi analoji funksiyalarla rəqabət aparmasına kömək edə bilər.