AVTO

04 Noyabr

Trampın seçkilərdə qalib gəlməsi Tesla üçün müsbət ola bilər

Fins.az - ABŞ-da keçiriləcək prezident seçkilərində Donald Trampın qalib gəlməsi elektromobil sənayesi üçün “ümumi mənfi faktor” olsa da, Tesla üçün “potensial müsbət” təsir yarada bilər. Bu barədə Wedbush analitiklərinin müştərilər üçün yazdığı qeyddə məlumat verilib. Daniel Ives rəhbərliyindəki analitiklərin fikrincə, Trampın yenidən Ağ Evə qayıtması ilə elektrik avtomobillərinə verilən vergi güzəştləri və endirimlər ləğv oluna bilər.

Analitiklər hesab edirlər ki, belə bir şəraitdə Tesla rəqiblərinə qarşı “tayı-bərabəri olmayan üstünlüyə” malik olacaq. ABŞ-dakı yerli rəqiblər subsidiyalar olmadan çətinliklərlə üzləşəcək, lakin Tesla geniş miqyası və bazar təsiri ilə rəqabət üstünlüyünü qoruyacaq. Trampın Çin mallarına qarşı sərt tariflər tətbiq etməsi də BYD və Nio kimi ucuz Çin elektromobillərinin ABŞ bazarına daxil olmasını məhdudlaşdıracaq.

Bundan başqa, analitiklər Trampın qayıdışının Tesla-nın avtonom sürücülük sahəsindəki hədəflərinə çatmasını da sürətləndirə biləcəyini bildiriblər. Tesla rəhbəri İlon Mask ötən ay keçirilən tədbirdə bildirib ki, yeni Cybercab robotaksisi 2027-ci ilə qədər istehsala buraxılacaq.

Buna baxmayaraq, Maskın Trampa dəstəyinin ABŞ-da Tesla elektromobillərinə olan istehlakçı tələbinin bəzi aspektlərinə mənfi təsir göstərə biləcəyi də qeyd olunur. Analitiklərin sözlərinə görə, bəzi alıcılar növbəti il ərzində siyasi dinamikanın təsiri ilə Tesla-dan uzaqlaşa bilər.

Hazırda Respublikaçılar partiyasından namizəd Tramp ilə Demokratlar partiyasından namizəd Kamala Harris arasında yarış olduqca gərgin keçir və səsverməyə bir gün qalıb. Sorğulara əsasən, Harris Nevada, Şimali Karolina, Corciya və Viskonsin ştatlarında liderliyi qoruyur. Lakin Pensilvaniya və Miçiqanda iki namizəd bərabər vəziyyətdədir. Tramp isə Arizona ştatında üç faizlik üstünlüyə malikdir.