AVTO

21 Oktyabr

Çin avtomobillərinin əsas zəiflikləri nələrdir? -EKSPERTDƏN AÇIQLAMA

Çin istehsalı avtomobillərlə bağlı istehlakçılar arasında keyfiyyət və dayanıqlılıq mövzusunda ciddi narazılıqlar var. Lakin keyfiyyət məsələsi avtomobil müəyyən müddət istifadə edildikdən sonra, təxminən 100,000 km-dən sonra aydın olur.

Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.

Onun sözlərinə görə, təcrübələrə əsasən, Çin avtomobili alanların 50%-i bu avtomobillərdən narazıdır və bu narazılıqlar əsasən avtomobilin uzunmüddətli istifadəsi zamanı özünü göstərir:

“Alıcıların əsas şikayətləri boya örtüyünün zəifliyinə, avtomobilin hissələrinin korroziyaya uğramasına və mühərriklərin 100,000 km-dən sonra sıradan çıxmasına bağlıdır. Bu hallar, xüsusilə uzun müddətli istifadəni planlayan alıcılar üçün ciddi problemlər yaradır”.

E.Cəfərov qeyd edib ki, narazı qalan istehlakçılar, həmçinin ehtiyat hissələrinin mövcudluğu və texniki servis xidmətlərinin keyfiyyətindən də şikayət edirlər:

“Bir çoxları, Çin avtomobillərinin müntəzəm texniki baxım və təmir üçün əlavə xərclər tələb etdiyini bildirir. Bu isə ümumi istismar xərclərinin gözləniləndən daha yüksək olmasına gətirib çıxarır”.

Ekspert onu da vurğulayıb ki, Çin istehsalçıları üçün bu problemlər, qlobal bazarlarda daha geniş yayılmaq və keyfiyyətli məhsullar təklif etmək üçün əhəmiyyətli bir çətinlik yaradır. O, bildirib ki, alıcıların etimadını qazanmaq və uzunmüddətli keyfiyyəti təmin etmək, Çin avtomobil sənayesinin inkişafında əsas prioritetlərdən biri olmalıdır.

Fuad Mədətov
Fins.az