Çin istehsalı avtomobillər alıcıları əsasən qiymətləri və dizaynları ilə cəlb edir.
Bunu Fins.az-a açıqlamasında nəqliyyat eksperti Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, Çin istehsalı avtomobillər, əsasən, qiymətləri və görünüşləri ilə cəlbedici olur və istehsalçılar bu cəhətə xüsusi diqqət yetirirlər:
“Bu, xüsusilə Azərbaycan kimi bazarlarda istehlakçılar üçün böyük əhəmiyyət kəsb edir. Alıcılar, xüsusilə daha uyğun qiymətə yüksək görünüşlü və rahat avtomobil axtarır. Çin avtomobillərinin əsas müsbət cəhətlərindən biri onların komfortlu olmasıdır. Razı qalanlar isə əsasən avtomobillərin komfortlu olmasını və idarəetmə sisteminin yaxşı təşkil olunmasını vurğulayırlar. Bu, xüsusilə şəhər daxilində istifadə olunan modellərdə əhəmiyyətli üstünlük kimi qiymətləndirilir”.
E.Cəfərov qeyd edib ki, Çin avtomobillərinin qiymətləri, bazarda olan digər istehsalçıların modellərinə nisbətən daha əlverişlidir:
“Alıcılar bu avtomobillərin ucuz olmasını və əsas xüsusiyyətlərini qiymətləndirir. Xüsusilə yeni avtomobil sahibləri üçün uyğun qiymətə keyfiyyətli məhsul təklifi cazibədar olur. Nəticə etibarilə, Çin istehsalı avtomobillər, daha əlverişli qiymətə malik olmaqla, geniş kütlələrə çatır və istehlakçılar tərəfindən ilk seçim kimi nəzərdən keçirilir”.
Fuad Mədətov
Fins.az