AVTO

15 Mart

Ucuz Tesla-dan pis xəbər gəlib

Tesla bir müddətdir ki, sərfəli qiymətə elektrik avtomobil layihəsi üzərində işləyir. Avropa üçün Gigafactory Berlin və Amerika üçün Gigafactory Texas-da istehsalı gözlənilən avtomobildən təəccüblü xəbər gəldi. Bir investisiya bankının analitikləri 25 min dollarlıq Tesla modelinin gecikəcəyini düşünürlər.

Fins.az xəbər verir ki, Tesla-nın CEO-su Elon Musk bildirib ki, sərfəli avtomobilin istehsalına 2025-ci ilin sonunda başlanılacaq. Lakin Teslanın yeni Gigafactory Texas obyektini gəzdikdən sonra Evercore analitikləri bunun mümkün olmadığını düşünməyə başladılar.

Analitiklər hesab edirlər ki, sərfəli avtomobil ən tez 2027-ci ildə kütləvi istehsala çıxa bilər. Başqa sözlə, şirkətin 25 min dollar civarında olması gözlənilən avtomobilini satışa çıxarmaq planları gözləniləndən daha uzun çəkə bilər.

Evercore analitiki Chris McNally, 2026-cı ildə istehsalın başlaması üçün ən yaxşı ssenarinin təxminən 500 min avtomobil olacağını bildirdi. Bu rəqəm Wall Street analitiklərinin əlverişli avtomobil üçün proqnozlaşdırdıqlarının az qala yarısıdır.

MakNally bildirib ki, Tesla 2027-ci ildə real istehsala başlaya bilər. Analitikin fikrincə, ucuz elektrik avtomobillərindən real artım üçün ən azı daha üç il gözləmək lazımdır.

Ancaq bütün analitiklər belə düşünmürlər. Tesla-nın ən böyük investorlarından biri olan Wedbush, yavaş artıma baxmayaraq, 2024-cü ildə 2 milyondan çox avtomobilin tədarük ediləcəyini düşünür. Bu, Teslanın 25.000 dollarlıq elektrik avtomobili planlarına uyğun gəlir.

Günel Məlikzadə
Fins.az