Çinin avtomobil nəhəngi BYD özünün super elektrik avtomobili YangWang U9 modelini Çində satışa çıxarıb. Tam elektrik superkarı BYD YangWang e4 platformasından istifadə edərkən Disus X adlı asma sistemi ilə şaquli, yan və uzununa hərəkət edə bilir. Dörd elektrik mühərriki olan avtomobil ümumi gücü 960 kVt (1287 at gücü) və maksimum 1680 Nm fırlanma anı təmin edə bilər.
Fins.az xəbər verir ki, BYD YangWang U9 AWD 0-dan 100 km/saat sürəti cəmi 2,36 saniyəyə yığa bilir, onun 400 metr məsafəyə göstəricisi isə 9,78 saniyədir. BYD-nin litium dəmir fosfat (LFP) Blade batareya paketinə malik olan avtomobilin maksimal sürəti 309,19 km/saatdır.
Akkumulyatordan söz düşmüşkən, avtomobildəki LFP batareyası 80 kVt/saat tutuma malikdir və 465 km CLTC məsafəsi təklif edir. 500 kVt doldurma gücünə malik avtomobildə akkumulyator paketinin çəkisi 633 kq-dır. Bu yüklə avtomobilin boş çəkisi 2475 kq-dır ki, bu da superkar üçün kifayət qədər çoxdur. Ancaq bu, elektrik avtomobillərində görməyə öyrəşdiyimiz bir tendensiyadır. Bu arada, avtomobil 10 dəqiqə ərzində 30%-dən 80%-ə qədər doldura bilir. Superkar həmçinin ani ikili şarjı dəstəkləyir.
Günel Məlikzadə
Fins.az