Elektrikli avtomobillərlə bağlı ən böyük narahatlıqlardan biri yanğın riskidir. Elektrikli nəqliyyat vasitələrindəki litium-ion batareyaları deşilmə, qısaqapanma və s. nəticəsində alov ala və yanğına səbəb ola bilər. Üstəlik, bu yanğınları söndürmək adi yanğından qat-qat çətin ola bilər. Bəs, bu təhlükəli akkumulyatorlarla işləyən nəqliyyat vasitələri daxili yanma avtomobillərindən daha təhlükəlidirmi? Daha çox yanğın ehtimalı varmı?
Elektrikli avtomobillərin yanğınla bağlı iddialarını iki kateqoriyaya ayıra bilərik. Birincisi, elektriklə işləyən avtomobillərdə yanğın riskinin daha yüksək olması, ikincisi isə yanğın baş verən zaman daha çox ziyan vurmasıdır.
Hazırda bütün dünyada nəqliyyatda olan elektrik avtomobillərinin sayı bir milyonu ötüb. Buna görə də yanğın riski ilə bağlı kifayət qədər məlumatımız var. Bir çox ekspertlərin fikrincə, elektriklə işləyən avtomobillərin alışmağa daha çox meylli olduğunu söyləməyə əsas yoxdur. Həqiqət isə əksinədir. Mütəxəssislər elektriklə işləyən avtomobillərin yanğın riski baxımından daxili yanma ilə işləyən avtomobillərdən daha təhlükəsiz olduğunu bildirirlər.
Elektrikli avtomobil satışında bu günə qədər dünya lideri olan Norveçin Sosial Müdafiə və Fövqəladə Hallara Hazırlıq Müdirliyinin hesabatına görə, benzin və dizellə işləyən avtomobillər elektriklə işləyən avtomobillərə nisbətən 4-5 dəfə çox yanğın riski daşıyır. İsveç Mülki Fövqəladə Hallar Agentliyi 2022-ci ildə hər 100 min elektrik və ya hibrid avtomobilə 3,8 yanğının, daxili yanma maşınlarında isə hər 100 min avtomobilə 68 yanğının qeydə alındığını bildirib.
Avstraliyadakı vəziyyəti araşdıran EV FireSafe təşkilatı elektrik avtomobillərində akkumulyatordan yanma ehtimalının 0,0012% olduğunu müəyyən edib. Daxili yanma avtomobilləri üçün yanğın riski 0,1% olaraq müəyyən edilmişdir.
İlon Mask ABŞ-da 2012-2021-ci illər arasında qəzalarda iştirak edən Tesla avtomobillərində yanğınların sayının kilometr başına hesablandıqda digər avtomobillərdən 11 dəfə az olduğunu söylədi.
Buna baxmayaraq, insanların elektriklə işləyən avtomobilləri daha riskli görməsinin səbəbi yanğın baş verən zaman avtomobillərin çox şiddətlə yanması və söndürülməsinin çətin olmasıdır.
Batareyalar üzərində işləyən və yanğınsöndürmə qruplarına təlim keçməyə kömək edən Nyukasl Universitetinin elektrokimya professoru bildirib ki, akkumulyator hüceyrələri yandıqda buxar buludunun partlaması və raket alovu kimi şiddətli yanğınlar baş verə bilər.
Günel Məlikzadə
Fins.az