2019-cu ildə baş verən qəzadan sonra avtomobildə olan iki sərnişinin Tesla-ya qarşı “avtopilotda nasazlıq” ittihamı ilə açılan iddiası yekunlaşıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, Kaliforniyanın Riverside County Ali Məhkəməsində baxılan işdə 12 nəfərlik münsiflər heyəti qəzaya uğrayan avtomobildə istehsal qüsurunun olmadığını müəyyən edib.
İddiaçılar nəqliyyat vasitəsinin sahibi Micah Lee-nin öldüyü və ağır yaralandıqları qəzada avtopilot sisteminin Model 3 avtomobilinin qəfildən yoldan çıxaraq ağaca çırpılması və alov almasına səbəb olduğunu iddia edib.
Tesla isə qəzanın "insan səhvi" nəticəsində baş verdiyini iddia edib. Nəqliyyat vasitəsinin sürücüsü Linin sükan arxasına keçməzdən əvvəl spirtli içki qəbul etdiyini qeyd edən Tesla məsuliyyəti rədd edərək, qəza zamanı avtopilotun aktiv olub-olmamasının bəlli olmadığını bildirib.
ABŞ mətbuatında bu işin nəticəsi ölkə daxilində bir çox oxşar işlərlə üzləşən və ilk qələbəsini qazanan Tesla üçün "böyük qələbə" kimi qiymətləndirilib.
Günel Məlikzadə
Fins.az