Cənubi Koreyanın avtomobil istehsalçısı Hyundai Motor Group Hindistanda Hyundai və Kia markaları altında daha çox elektrik avtomobilləri (EV) buraxmağı planlaşdırdığını açıqlayıb.
Fins.az "Dünya Gazetesi"nə istinadən xəbər verir ki, Hindistanda satış həcminə görə ikinci ən böyük avtomobil istehsalçısı olan Hyundai, hazırda satdığı iki modelə, Kona və Ioniq 5 sport avtomobillərinə əlavə olaraq 2032-ci ilə qədər beş elektrikli avtomobil modelini satışa çıxaracaq. O, həmçinin 2027-ci ilə qədər enerji doldurma stansiyalarını 439-a çatdıracaq.
Hyundai Motor Group-dan verilən açıqlamada Kia-nın 2025-ci ildən etibarən kiçik elektrik avtomobilləri istehsalına başlayacağı bildirilib. Hyundai həmçinin bildirib ki, Kia satış şəbəkəsini ikiqat artırmaqla, eləcə də elektrikli avtomobillərin enerji doldurma infrastrukturunu təkmilləşdirməklə daxili bazar payını 6,7%-dən 10%-ə çatdırmağı hədəfləyir.
Leyla Fikrətqızı
Fins.az