AVTO

28 Mart

Geely şirkəti Boyue Cool modelini təqdim edib - FOTO

Geely Atlas krossoveri Çində Geely Boyue adı ilə satılır. Keçən il Səma İmperiyasında bu krossoverin ikinci nəsli debüt edib, lakin bazara çıxan ilk model uzunbazalı Geely Boyue L versiyası olub. Artıq Geely şirkəti “adi” Boyue Cool krossoverinin debütünə hazırlaşır. Yeni krossover Boyue/Atlas modelini əvəzləyəcəkdir.

Fins.az xəbər verir ki, Boyue Cool və Boyue L eyni modelin iki versiyası olsalar da, təkcə təkər bazasının ölçüsünə görə fərqlənmirlər (müvafiq olaraq 2701 və 2777 millimetr). Avtomobillər eyni üslubda hazırlanıblar. Hər iki avtomobil işıq texnikasının və yan tərəfin bənzər dizaynına malikdirlər, lakin onların kuzovları fərqlidir. Hətta ön hissənin elementləri (qanadlar, kapot, fənərlər) bir-birini əvəz edə bilməz. Krossoverlərin uzunluğu 4510 və 4670 millimetrdir. Bundan əlavə, onların eni (1865 və 1900 millimetr) və hündürlüyü (müvafiq olaraq 1650 və 1705 millimetr) fərqlənir.

Cool versiyasının interyeri hələ göstərilməyib. Ancaq texniki tərəfdən hər şey artıq aydındır. Uzunbazalı Boyue L kimi, qısa krossover də Volvo tərəfindən hazırlanmış CMA (Compact Modular Architecture) platformasında inşa edilib. Hələlik krossoverin yalnız 1,5-litrlik dördsilindrli turbomühərrik (181 at qüvvəsi, 290 Nm), yeddi pilləli “robot” və ön ötürməli baza versiyası bəyan edilib.

Geely Boyue Cool krossoverinin tam ölçülü debütü aprel ayında baş tutacaqdır. Yeni modelin Çindəki satışlarına yaya qədər başlanmalıdır və şirkət ixracı gecikdirməyəcəyinə söz verib. Sonradan hibrid versiyalar debüt edəcəklər, lakin L-versiyasındakı 2,0-litrlik turbomühərrikdən söhbət gedə bilməz.

©autograph