AVTO

27 Mart

Toyota şirkəti Camry modelinin Yaponiyadakı satışlarına son verib

Toyota şirkəti Camry modelinin təqdim edilməsindən 43 il sonra onun daxili bazardakı satışlarını dayandırmaq qərarına gəlib. “Nikkei” agentliyinin məlumatına görə, daxili bazarda model digər ölkələrdəki kimi populyar deyil – Camry modelinin qlobal satışlarının cəmi bir faizi Yaponiyanın payına düşür. Bununla əlaqədar olaraq, Toyota sedanı model xəttindən çıxarmaq qərarına gəlib və artıq bu barədə yerli dilerlərə məlumat verib. Xatırladaq ki, Camry Yaponiyadan kənarda yüzdən çox bazarda satılır.

Fins.az xəbər verir ki, qırx üç il ərzində buraxılan Toyota Camry modeli haqlı olaraq yapon brendinin uzunömürlü avtomobillərindən biri hesab olunur. Model ötən əsrin 80-ci illərindən satışdadır və 40 ildən artıq bir müddət ərzində 21 milyon nüsxə ilə satılıb ki, bunun da yalnız 1,3 milyonu Yaponiyanın payına düşür. Lakin daxili bazarda Camry modelinə olan tələbat azalmağa başlayıb - 2022-ci ildə dünyada satılan 600 min avtomobildən yalnız altı mini Yaponiyanın payına düşüb. Şirkət bunu krossoverlərin artan populyarlığı ilə izah edir.

Lakin Toyota əfsanəvi sedandan tamamilə imtina etmək niyyətində deyil. Camry modelinin növbəti nəsli üzərində çalışmalara başlanılsa da, avtomobil istehsalçısı qrafikdən geri qalır: modelin doqquzuncu iterasiyası sələfindən cəmi yeddi il sonra peyda olacaqdır. Xatırladaq ki, əvvəllər nəsil dəyişikliyi hər beş-altı ildən bir baş verirdi. XV80 indeksli Camry modelinin 2024-cü ildə debüt edəcəyi gözlənilir.

Növbəti nəsil Toyota Camry modelinin təkmilləşdirilmiş TNGA-K platformasında inşa ediləcəyi, inqilabi eksteryer və interyer dizaynına sahib olacağı gözlənilir. Böyük ehtimalla, model müəyyən dərəcədə elektrikləşdiriləcək, lakin adi yanacaq versiyaları da çeşiddə saxlanılacaqlar.

©autograph