AVTO

15 Avqust

Metro istifadəçilərinin sayı 6 dəfəyədək artıb

Bu ilin yanvar-iyul aylarında "Bakı Metropoliteni" 114 255 min sərnişin daşıyıb ki, bu da illik müqayisədə 5,7 dəfə çoxdur.

Dövlət Statistika Komitəsindən  verilən məlumata görə, 2021-ci ilin yanvar-iyul ayları ərzində metro nəqliyyatının xidmətlərindən istifadə etmiş sərnişinlərin sayı 20 054 min nəfər olub.

Qeyd edək ki, 2020-2021-ci illərdə koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikası ərazisində geniş yayılmasının qarşısının alınması və əhalinin sağlamlığının təhlükəsizliyinin təmin olunması məqsədilə Bakı metrosunda qatarların hərəkətində məhdudiyyətlər və dayanmalar tətbiq edilib. Bu da, öz növbəsində, metro nəqliyyatı ilə sərnişin daşınmalarının həcminə təsir edib.

Xatırladaq ki, Bakıda metropolitendə xətlərin uzunluğu 36,6 kilometrə, sayı 3-ə, stansiyalarının sayı isə 25-ə bərabərdir. Hazırda Bakı metropolitenində konseptual inkişaf proqramına uyğun olaraq, tikinti işləri davam etdirilir. Dövlət Proqramına əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 km, stansiyalarının sayı isə 76-ya çatacaq.