BMW şirkətinin ABŞ şöbəsi elektrikli i4 eDrive35 2023 sedanını təqdim edib. Sözügedən elektromobil 2023-cü ilin birinci rübündə satışa çıxacaq və ilk olaraq Kanadada satılacaq. Yeni eDrive35 modeli i4 elektromobil seriyasının sırasına daxil olub. Bu seriya özündə həmçinin daha bahalı olan i4 eDrive40 və i4 M50 elektromobillərini birləşdirir. Beləliklə təqdim edilmiş i4 eDrive35 modeli 66 kilovatt saat batareya həcminə və 281 at gücündə olan mühərrikə sahibdir. Mühərrikin maksimal fırlanma anı 400 Nm (Nyuton metr) təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, eDrive40 modeli 335 at gücündə olan mühərrikə sahibdir. Yeni i4 eDrive35 elektromobili saatda 100 km sürəti 5.8 saniyəyə yığır və bir dəfə şarj olunandan sonra 418 km yol qətt edə bilir.
Elektromobilin batareyası 180 kilovatt gücündə olan şarj stansiyasının istifadəsi ilə sürətli şarj texnologiyasını dəstəkləyir. Bunun sayəsində elektromobilin 10% enerjisini 80%-ə yüksəltmək üçün sadəcə 30 dəqiqə vaxt lazım olur. Yeni i4 eDrive35-in daxili interyeri özündə 12.3 və 14.9 düym ölçüdə olan ekranları birləşdirir. Bununla yanaşı i4 eDrive40 modelində olduğu kimi i4 eDrive35-də də iDrive 8 adlı əyləncə və informasiya sistemi reallaşdırılıb. Elektromobilin sahib olduğu əməliyyat sisteminin yenilənmə prosesi isə naqilsiz şəbəkə vasitəsilə reallaşdırılır. Əvvəldə də qeyd edildiyi kimi BMW i4 eDrive35 gələn ilin birinci rübündə satışa çıxacaq. Onun qiyməti isə 51 400$ təşkil edəcək.