AVTO

22 İyul

Azərbaycana köhnə avtomobillərin gətirilməsi məhdudlaşdırılacaq

Azərbaycana köhnə avtomobillərin gətirilməsi və istifadəsi məhdudlaşdırılacaq.

"Fins.az" xəbər verir ki, bu barədə “2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunub.

Bildirilib ki, 2022-2026-cı illər ərzində elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məqsədilə vergi-gömrük güzəştlərinin tətbiqini və istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi köhnəlmiş nəqliyyat vasitələrinin idxalının və istifadəsinin məhdudlaşdırılmasına dair tədbirlərin görülməsini təmin etməlidir.

Eyni zamanda 2022-2026-cı illər ərzində ölkə ərazisində elektrik enerjisi doldurma məntəqələrinin sayının artırılması və əhatə dairəsinin genişləndirilməsi və ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin əldə edilməsi üçün maliyyə əlçatanlığının artması təmin olunmalıdır. Beləliklə, son nəticədə ekoloji təmiz və təhlükəsiz (yeni) nəqliyyat vasitələrinin cəmi nəqliyyatda xüsusi çəkisinin artması təmin olunacaq.

Qeyd edək ki, hazırda Azərbaycanda İstismar müddəti 5 ilə qədər olan minik avtomobillərinin cəmi minik avtomobillərində xüsusi çəkisi 4,7%-dir.