AVTO

20 İyul

"Qafqaz Motor Şou 2022" avtomobil sərgisi keçiriləcək

Məhz bu deviz altında cəmi 10 gün sonra Qəbələ şəhərində «Qafqaz Motor Şou 2022» avtomobil sərgisi baş tutacaq.

17-ci dəfədir ki, Azərbaycan Avtomobil Dilerləri Assosiasiyası (AADA) avtosevərləri parlaq avtomobil bayramına dəvət edir.

29-31 iyul il tarixində «Qəbələnd» əyləncə mərkəzində ən müasir və təhlükəsiz, ən texnoloji və ekoloji minik və kommersiya avtomobillərinin təqdimatı keçiriləcək. Bir necə tam yeni modelin Azərbaycan premyerası gözlənilir.

AADA İdarə Heyətiniin sədri Natiq Zərbəliyevin verdiyi məlumata görə «Qafqaz Motor Şou 2022» Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilati dəstəyi ilə həyata keçirir. O, qeyd etdi ki, bu əməkdaşlıq artıq 3-cü dəfədir baş tutur. Beləki bu ilin 10 may 2022-ci il tarixində Milli lider Heydər Əliyevin doğum gününə həsr olunmuş Bakı-Mingəçevir marşrutu ilə «Yaşıl ölkə» adlı ölkədə ilk ekoloji avtomobillərin yürüşü və 28 may Müstəqillik Günü münasibətilə məktəblilər arasında təşkil olunmuş «Gələcəyin avtomobili» rəsm müsabiqəsi də AADA və AAF tərəfindən həyata keçirilmiş birgə layihələr oldu. 

Yalnız rəsmi avtomobil idxalçılarının və dilerlərinin iştirakı ilə təşkil edilən motor-şou unikallığı ilə seçilir. Adətən bu tədbir «Kaspian Motor-Şou» adı altında dəniz kənarında və ya «Qafqaz Motor-Şou» kimi qağlıq regionlarda, kütləvi istirahət məkanlarında keçirilir. Sərginin məqsədi: əhaliyə ən müasir avtomobil nümunələrinin nümayişi, hərəkətin təhlükəsizliyinin və sürücülük mədəniyyətinin təbliği, bölgələrdə avtomobil turizminin inkişafı, gənclərdə texniki idman növlərinə marağın artırılması, ekoloji məsələlərə ictimayyətin diqqətinin cəlb edilməsidir. 

2003-cü ildən başlayaraq bu avtomobil forumu Xaçmaz rayonunun Nabran istirahət zonasında, Abşeronun ən populyar çimərlikərində, Şəki və Qəbələ şəhərlərində, Bakıda, Ağ şəhər ərazisində təşkil olunmuşdur. Son iki ildə Covid-19 pandemiyası ilə əlaqədar sərgilər keçirilmədi. 2022-ci ildən Cacasus Motor-Show - Kiçik Qafqaz dağlarına, Qəbələ şəhərinə qayıdır.     

«Qafqaz Motor Şou 2022»-nin proqramı olduqca gərgin və maraqlıdır. Forum «Ekoloji avtomobillərin təşviqi» mövzusunda  konfransdan başlanacaq. Daha sonra üç gün ərzində avtomobil prezentasiyaları, brifinqlər, iştirakçılar arasında kartinq yarışları, klassik avtomobillərin yürüşü, 4X4 klublarının iştirakı ilə «of-road» çıxışları, «Miss-Avto»  gözəllik müsabiqəsi, tamaşaçılar arasında uduşlu viktorinalar, konsert və s. tədbirlər baş tutacaq. 

Beləliklə, 29-31 İyulda avtomobil həvəskarlarını Qəbələ şəh., «Qəbələnd» əyləncə mərkəzində səbirsizliklə gözləyirik. Sərgiyə giriş şərbəstdir.