AVTO

19 İyul

Xiaomi elektromobilinin ilk prototipi artıq yaxın zamanda sərgilənəcək

Bəzi insayderlərin verdikləri məlumatlara əsasən Xiaomi şirkəti elektromobil istehsalı ilə məşğul olacağı barəsində elandan 1 il sonra ictimaiyyətə öz elektromobilinin prototipini sərgiləməyə hazırlaşır. Məlumatda qeyd edilib ki, Xiaomi-nin CEO-su Lei Jun şirkətin ilk elektromobilinin prototipini artıq gələn ay sərgiləyəcək. İnsayderlər bildiriblər ki, Lei Jun öz zamanının 2/3 hissəsini Xiaomi Auto şirkətinin ofisində keçirdir. Belə ki, o, şirkətin ilk elektromobilinin hazırlanma prosesini tamamilə idarə edir. Məlumata əsasən şirkət elektromobilin ilk prototipini gələn ay sərgiləyəndən sonra onun testlərinə start verəcək. Həmçinin elektromobilin qış fəsli çərçivəsində də testləri planlaşdırılır.

İlkin məlumatlara əsasən Xiaomi A+ və B siniflərinə daxil olacaq elektromobillər istehsal etməyi planlaşdırır. A+ sinifinə daxil olacaq elektromobillərin ikinci səviyyəli avtopilot sisteminə sahib olacağı və təqribi olaraq 30 000$-a satılacağı qeyd edilib. B sinifinə daxil olacaq elektromobillər isə üçüncü səviyyəli avtopilot sisteminə sahib olacaq və 30 000-45 000$ qiymətində satılacaq. Onu da qeyd etmək lazımdır ki, şirkət elektromobillərin istehsal prosesinin gedəcəyi zavodun inşası ilə də məşğuldur. Şirkət həmin zavodda ilkin mərhələdə il ərzində 150 000 ədəd elektromobilin istehsalını planlaşdırır. Lakin zavod tam şəkildə hazır olduqdan sonra daha çox sayda elektromobil istehsal edə biləcək. Xiaomi-nin ilk elektromobilinin satışlarına 2024-cü ildə start verilməlidir.