AVTO

30 Sentyabr

Acura yeni Integra modelinin növbəti tizerini dərc edib - VİDEO

Acura markası yenidən həyata qaytarılacaq Integra modelinin növbəti tizerini dərc edib. Bu dəfə yapon markası avtomobilin arxa tərəfinin bir hissəsi əks olunan şəkili yayımlayıb. Şəkildə avtomobilin nazik arxa fənərləri və kiçik spoyler quraşdırılan baqaj qapağı təsvir olunub. Gözlənilənlərrin əksinə olaraq, Integra ikiqapılı sportkar deyil, beşqapılı liftbekdir.

Xatırladaq ki, Acura şirkətinin vitse -prezidenti və brend meneceri Con İkedanın sözlərinə görə, yeni Integra modeli orijinalının DNT-sini daşıyacaq yığcam premium avtomobili olacaqdır. Acura Integra modelinin debüt 2022-ci ilə planlaşdırılıb.

Yapon premium markası yeni model barədə heç bir məlumat verməyib, ancaq başqa bir yeni modelin - NSX Type S superkarının təqdimatı zamanı səmada dronlar vasitəsi ilə yaratdığı siluet sayəsində bəzi mülahizələr yürütmək olar. İlkin məlumata görə, yeni model cari TLX Type S sedanının üslubunda dizayna malik olacaq, lakin özünəməxsus xüsusiyyətləri ilə seçiləcəkdir.

Acura Integra modelinin on birinci nəsil Honda Civic modelinin bazasında yaradılacağı, mexaniki transmissiya və mühərrikini Civic Si modelindən alacağı da istisna olunmur. Güc qurğusu ilə bağlı təfərrüatlar hələlik gizli saxlanılır, lakin böyük ehtimalla, bu aqreqat 208 at qüvvəli 1,5-litrlik turbomühərrikdən daha güclü olacaqdır. Autograph.az