Elektron komponentlərin çatışmazlığı istehsal həcminin azalmasına və müvafiq olaraq yeni avtomobillərin qiymətlərinin artmasına gətirib çıxarıb.
Məlum məsələdir ki, qiymətlərin artması ən çox avtomobil istehsalçılarının işinə yarayır. Belə ki, Daimler AG və BMW konsernləri yarımkeçirici problemi aradan qaldırıldıqdan sonra belə, avtomobil tədarükünü artırmaq fikrində deyillər, əksinə tədarükü məhdudlaşdırmaq niyyətindədirlər.
Financial Times nəşrinin bildirdiyinə görə, bunun sayəsində istehsalçılar pandemiya dövründə yaranmış yüksək qiymətləri qoruya biləcəklər. Hazırda yeni avtomobillərə olan tələbat təklifi üstələyir və müştərilər gecikmə ilə belə olsa, alacaqları avtomobillər üçün daha çox pul ödəməyə hazırdırlar.
Yarımkeçiricilərin qlobal çatışmazlığı avtomobil istehsalında dayanmalara və nəticədə satışa yanaşmada məcburi dəyişikliklərə səbəb olub. Diler mərkəzlərində “mürəkkəb” elektronikaya malik olan bahalı avtomobillərin qıtlığı yaranıb, bu səbəbdən də avtomobillər daha yüksək qiymətə satılır və sifarişlər dörd aya qədər gecikmə ilə təmin edilir. Belə bir vəziyyətin müştəriləri qorxutmayır, istehsalçılara isə əhəmiyyətli dərəcədə fayda gətirir.
Daimler şirkətinin maliyyə direktoru Harald Vilhelmin sözlərinə görə, elektron komponentlərin çatışmazlığı keçmişdə qalsa belə, istehsalçı avtomobil tədarükünü məhdudlaşdıracaqdır. Eyni zamanda, konsern onun nəzarətində olan markaların daha “lüks” imicini formalaşdıracaqdır.
BMW konserni də həmyerliləri ilə eyni fikirdədir. Son iki il, tədarük zəncirinin idarə edilməsinin qiyməti formalaşdırmaq imkanlarını genişləndirdiyini göstərib. Bunu BMW konserninin maliyyə direktoru Nikolas Piter bildirib. O həmçinin, alınan avtomobili gözləməyin alış-veriş təcrübəsini daha parlaq etdiyini, amma bu gözləmənin çox da uzun çəkməyəcəyini bildirib.
Böyük bazarlarda ənənəvi 15 faizlik endirimdən imtina, BMW və Daimler konserlərinin maliyyə göstəricilərinin yaxşılaşması ilə nəticələnib. Beləliklə, 2021-ci ilin ikinci rübündə Mercedes-Benz şirkəti rentabelliyi 12,2 faizə qədər arrtırıb. 2018-ci ilin eyni dövründə, dizel qalmaqallarından və pandemiyadan əvvəl belə, bu göstərici 8,4 faiz idi. BMW konserni isə, marjanı 8,6 faizdən təxminən 16 faizə qədər yüksəltməyə müvəffəq olub.
Mütəxəssislərin fikrincə, elektron komponentlərin çatışmazlığı 2023-cü ilə qədər davam edə bilər. Ancaq vəziyyət tədricən yaxşılaşır və növbəti ildə yarımkeçiricilərin çatışmazlığının istehsalata göstərdiyi ciddi təsir bir qədər azalmalıdır. Autograph