AVTO

08 Sentyabr

Hibrid avtomobillərin ölkəyə gətirilməsi neçəyə başa gəlir? - EKSPERT

Hibrid avtomobillərin Azərbaycana gətirilməsi digər avtomobillərdən ucuz başa gəlir. Bu baxımdan, Azərbaycanda hibrid avtomobillərə maraq xeyli artıb. Artıq Azərbaycanın hər yerində, bütün rayonlarında hibrid avtomobillərə rast gəlmək mümkündür.

Fins.az xəbər verir ki, bunu nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov deyib.

Ə.Hüseynov bildirib ki, qanunvericilik hibrid avtomobillərinin gətirilməsi üçün daha əlverişlidir: “Belə ki, Azərbaycana avtomobillərin idxalı zaman əlavə dəyər vergisi, gömrük rüsumu və aksiz vergisi ödənilir. Aksiz vergisi və gömrük rüsumu avtomobilin daxili yanma mühərrikinin iş həcminə görə ödənilir. Hibrid avtomobillərdə isə daxili yanma mühərrikinin iş həcmi çox kiçik olduğu üçün ödənişlər az məbləğdə olur. Yəni hibrid avtomobillərin Azərbaycana gətirilməsi nisbətən ucuz başa gəlir”.

Ekspert qeyd edib ki, hibrid avtomobillərin digər bir üstünlüyü isə ondan ibarətdir ki, daxili yanma mühərrikinin iş həcmi kiçik olduğu üçün yanacaq sərfiyyatı da az olur.

O qeyd edib ki, təqribən 2 il bundan əvvəl hibrid avtomobillərin təmiri və texniki qulluğu, ehtiyat hissələrinin tədarükü ilə bağlı problemlər var idi: “Hibrid avtomobilləri təmir edə bilən avtomobil ustaları çox az idi. Ancaq zaman keçdikcə bu problem aradan qalxdı. Artıq çox yerdə hibrid avtomobillərin təmir mərkəzləri var. Eyni zamanda, bu avtomobillərin ehtiyat hissələrinin tədarükü də tam təmin olunur”.