Dünyanın ən iri avtomobil istehsalçılarından biri, Yaponiyanın ən dəyərli şirkəti Toyota Motor Corporation da digər şirkətlər kimi 2021-ci ilin ikinci rübünün (2022-ci maliyyə ilinin ilk rübünün) nəticələrini bu gün açıqlayıb.
Fins.az şirkətin rəsmi səhifəsinə istinadla xəbər verir ki, şirkət satışlarını ötən ilin 2-ci rübü ilə müqayisədə 72,5% artırıb və 7,93 trilyon yenə (72,67 milyard dollara) çatdırıb.
Toyota ikinci rübdə 2 milyon 148 min ədəd avtomobil satıb. Bu rəqəm ötən ilin eyni dövründəkindən (1 milyon 158 min ədəd) 185% çoxdur. Nəticə etibarilə şirkət pandemiyadan əvvəlki satış göstəricilərinə yaxınlaşa bilib. Xalis mənfəət 897,8 milyard yen (8,22 milyard dollar) təşkil edib ki, bu da ötən ilin müvafiq dövründən 5,6 dəfə çoxdur.
Kifayət qədər mənfəət əldə etməsinə baxmayaraq, Toyota cari il üzrə satış proqnozlarını (8 milyon 700 min ədəd) və əməliyyat mənfəətinə dair gözləntiləri (2,5 trilyon yen-22,9 milyard dollar) dəyişməyib. Buna səbəb çip böhranı səbəbindən istehsal həcminin hələ də hədəflənən səviyyədə olmamasıdır.
Analitiklər yarımkeçirici çiplərin təchizatındakı ləngimələrə görə qlobal avtomobil istehsalçılarının bu il 110 milyard dollar zərər görəcəklərini proqnozlaşdırır.