AVTO

23 İyul

Kanadada kriptovalyutanın mayninqini edə biləcək elektromobil hazırlanır

Elektrikli skuter istehsalı ilə məşğul olan Kanadanın "Daymak" şirkəti 2023-cü ilədək şarj edilərkən kriptovalyuta mayninq edə bilən "Spiritus" adlı özünü idarə edən elektrikli avtomobil istehsal etmək niyyətindədir.

Bu barədə "Wired" nəşri yazıb.

İstehsalçı şirkət mayninq prosesini mümkün qədər sadələşdirmək üçün xüsusi proqram hazırlayır. Kriptin hasilatı üçün lazım olacaq elektrik enerjisini elektromobilin damındakı günəş panelləri təmin edəcək.

Şirkətin baş direktoru aldo Bayoççi (Aldo Baiocchi) qeyd edib ki, elektromobil buraxılana qədər kriptovalyuta məşhur bir ödəmə vasitəsinə çevriləcək: "Elektromobil istehsal olunanadək hər kəs ödənişi kriptovalyuta ilə edəcək və biz elektromobilləri məhz bunu nəzərə alaraq istehsal edirik".

Şirkətin məlumatına görə, "Spiritus" üzrə öncədən edilən sifarişlərin həcmi artıq 350 mln. ABŞ dollarını keçib. Eyni zamanda, sözügedən elektromobili "Bitcoin", "Etherium" və "Dogecoin" kimi kriptovalyutalarla almaq mümkündür.