AVTO

03 İyul

Bu şirkətin rəhbəri sənədlərin saxtalaşdırılması fonunda qalmaqala görə istefa verdi

Yaponiyanın “Mitsubishi Electric” korporasiyasının prezidenti Takesi Sugiyama kondisioner yoxlamaları ilə bağlı sənədlərin uzunmüddətli saxtalaşdırılması ilə bağlı qalmaqal fonunda vəzifəsindən istefa etmək qərarına gəlib.

TASS-ın məlumatına görə, bu barədə o, Tokioda mətbuat konfransında açıqlayıb.

“Yeni rəhbərliklə şirkətin inamı bərpa etməsi üçün istefa etməyim lazım olduğu qənaətinə gəldim”, -  deyə Sugiyama bildirib.

“Mitsubishi Electric” artıq saxtakarlığı tam etiraf edib. Daxili araşdırmaya görə, korporasiyanın Naqasakidəki zavodu ən azı 1985-ci ildən bəri sistematik yoxlama barədə yalan məlumatlar verir.

Eyni zamanda, “Mitsubishi Electric” şirkət tərəfindən satılan bütün kondisionerlərin və digər avadanlıqların dövlət təhlükəsizlik standartlarına tam uyğun olduğunu və normal işlədiyini iddia edir.

Şirkət artıq istehlakçılardan və bütün maraqlı tərəflərdən üzr istəyib.