Audi şirkəti daxili yanma mühərrikləri (DYM) ilə beş ildən sonra vidalaşa bilər. Süddeutsche Zeitung nəşrinin müxbirləri yer altından çıxarılan yanacaqla çalışan son Audi modelinin 2026-cı ildə debüt edəcəyindən və bu tarixdən sonra bütün yeni modellərin "təmiz" elektromobillər olacağından əmindirlər. Benzin və dizel mühərriki ilə təchiz edilmiş avtomobillərin satışına dərhal son qoyulmayacaqdır: yanacaq modellərinin həyat dövrünün başa çatması ilə elektromobillərə keçiləcəkdir.
2026-cı ildən sonra, benzin və dizel yanacaqlarını işlədən yeni avtomobillər Audi model çeşidində peyda olmayacaqdırlar. Bir sözlə, göstərilən tarixə təkcə yeni benzin və dizel mühərriklərinin deyil, həmçinin hibrid güc qurğularının da yaradılmasına son veriləcəkdir. Yəni beş ildən sonra, ömrü başa çatan daxili yanma mühərrikli Audi modellərini elektromobillər əvəzləyəcəklər.
Reuters agentliyi Audi şirkətinin nümayəndələrindən bu məlumatı şəhr etməsini istəsə də, hələlik heç bir cavab almayıb. Əvvəllər Audi şirkətinin 2035-ci ildə tamamilə elektromobillərin istehsalına keçəcəyi ehtimal olunurdu.