“Volkswagen Group” şirkəti qarşıdakı 10 il üçün inkişaf proqramını təqdim edib.
Başlıca hədəfi 2025-ci ilədək dünya elektromobil bazarında liderliyə yiyələnmək olduğu proqramda tədricən “Modular Electric Drive Toolkit” (MEB) platformuna əsaslanan elektromobillərin istehsalına keçmək nəzərdə tutulur. Bu barədə report yazıb.
Belə ki, gələn il belə maşınlardan 22 milyon ədəd buraxmaq hədəflənir. Həmçinin 2022-ci ildə daha sürətli və daha tez doldurulan elektromobil istehsalı üçün “Premium Platform Electric” (PPE), habelə şirkətin əhatə etdiyi bütün brendlərin əsaslanacağı qabaqcıl “Scalable Systems Platform” (SSP) istehsalına başlanacaq.
Qeyd edək ki, 2020-ci ildə elektromobil satışlarını üçqat artıran “Volkswagen” bu il həmin göstəricini 1 milyona, 2030-cu ilədək Avropadakı satışlarının 60 faizinə çatdırmağı hədəfləyir. Bu hədəfə çatmaq üçün yaxın beş ildə 46 milyard avro sərmayə qoyulacaq. O cümlədən tərəfdaşlarla birgə məcmu 8 istehsal gücü 240 gVt/saat olan 6 batareya istehsalı müəssisəsi inşa etmək, 2025-ci ilədək Avropada elektromobilləri sürətli doldurma şəbəkəsini beşqat artıraraq 18 min stansiyaya çatdırmaq nəzərdə tutulur.
Bu ilin sonunadək şirkət Çində 17 min, ABŞ-da isə 3,5 minədək belə stansiyaya malik olacaq.