Toyota şirkəti keçən ilin yayında Corolla Cross modelini təqdim edərkən, onun dünyanın bir çox bazarlarında satışa çıxaracağını vəd etmişdi.
Bu günə qədər yeni krossover yalnız Tailandda və Asiya bölgəsinin bəzi ölkələrində satılırdı, lakin indi bu siyahıda ilk əhəmiyyətli genişlənmə baş verib. Artıq Toyota Corolla Cross modeli Braziliyada istehsal olunmağa başlanıb və tezliklə Cənubi Amerika yollarında görünəcəkdir.
Qeyd edək ki, Braziliyanın Sorokaba şəhərində 2012-ci ildən bəri fəaliyyət göstərən və bu günə qədər yalnız yığcam Etios və Yaris modellərini istehsal edən zavod bu məqsəd üçün modernləşdirilib. Zavodun yenilənməsinə 1 milyard rial (180 milyon dollar) xərclənib və indi TNGA arxitekturasına əsaslanan istənilən model burada istehsal edilə bilər.