AVTO

05 Yanvar

49 illik "Chevrolet Blazer" ofrouderi satışa çıxarılıb - FOTO

Bakı, 5 Yanvar Fins.az

Mecum hərrac evi 1972-ci ildə istehsal olunmuş Chevrolet Blazer K5 restomodunu hərraca çıxaracaqdır. 49 il ərzində ofrouderin yalnız iki sahibi olub, 1979-cu ildən bəri isə, avtomobildən praktiki olaraq istifadə edilmədiyi üçün, ofrouder mükəmməl vəziyyətdədir. Satışdan əvvəl ofrouder bərpa proesindən keçib və Corvette modelindən götürülmüş 6,2-litrlik V8 mühərriki ilə təchiz edilib.

Hərraca çıxarılacaq Blazer K5 modeli orijinal kuzov panellərinə, damalı parça ilə örtülmüş salona və zavod xromuna sahib olduğu xüsusi olaraq vurğulanır. Ofrouderin təchiz edildiyi V8 mühərriki daha müasir və ekoloji cəhətdən daha təmiz olan 6,2-litrlik LS3 mühərriki ilə əvəz olunub. Corvette C6 modelində aqreqat 436 at qüvvəsi və 576 Nm fırlanma anı hasil edir. Lakin, Blazer K5 modeli üçün mühərrikin gücü 487 at qüvvəsinə qədər artırılıb.

Güc aqreqatı illərin sınağından çıxmış 4-pilləli “avtomat” ilə tandemdə çalışır. Ofrouderin kardan valları xüsusi sifarişlə hazırlansalar da, cüzi şəkildə modernləşdirilmiş diferensialları və paylaşdırıcı qutusu standartdır. Bərpaçılar yarım əsrlik asqı komponentlərini müasir hissələrlə əvəzləyib, KYB amortizatorları və gücləndiricisi olan disk əyləcləri ilə təchiz ediblər.

Avtomobilin salonu mümkün qədər orijinala bənzər tərtib edilib: vintaj cihazlar və Bluetooth dəstəyi olan audiosistem quraşdırılıb. Kondisioner ustalıqla maskalanmış, onun müasir aqreqatları əlcək bölməsində gizlədilmişdir. İlk baxışında Blazer K5 modelinin salonu tamamilə orijinal görünür.

Mecum hərrac evi Chevrolet Blazer K5 restomodunun satışından 150 ilə 175 min dollar arasında vəsait əldə edəcəyini gözləyir - yəni, 49 yaşlı ofrouder baza təchizatlı yeni Cadillac Escalade modelindən iki dəfə baha olacaqdır.

© Avtosfer