Bakı, 10 dekabr Fins.az
Pandemiyaya görə bir çox sahələrdə durğunluq yaransa da, avtomobil bazarında vəziyyət nisbətən yaxşıdır. Hətta, bir müddət metronun bağlı qalması, avtobuslarda sıxlığın olması avtomobil almaq arzusunda olanları daha da həvəsləndirib.
Hazırda Bakıda satılan avtomobillərin qiymətləri 5-mindən 1 milyon manata kimi dəyişir.
Ekspertlərin fikrincə, hazırda az xərcli, normal vəziyyətdə işlənmiş avtomobil almaq üçün minimum 17, 18 min manat lazımdır. Bu qiymətə isə alıcıların ən çox müraciət etdiyi modellər ABŞ istehsalı olan "Chevrolet" və "Ford" olur.
Bəs Bakıda satılan ən bahalı avtomobillər hansılardır?
Hazırda Bakıda ən baha qiymətə satılan avtomobillər "Lamborghini", "Ferrari", "Bentley", "Rolls-Royse" və "Mercedes" (Geländewagen)dir.
Belə ki, Bakıda 2020-ci il istehsalı olan "Rolls-Royse" 585 min dollara ( 994 min manat ) satılır. Avtomobil 571 at gücündədir.
2019-cu ilin işlənmiş "Lamborghini"si 300 min dollara (510 min manat ) satışa çıxarılıb. Avtomobil 650 at gücündədir.
Bakıda baha qiymətə satılan avtomobillərdən biri də "Bentley"dir ki, elan saytlarında 350 min avrodan ( 700 min manat ) satışa çıxarılıb.
Bundan başqa Bakıda "Mercedes Geländewagen"lərin yenisinin qiyməti 420 min dollardan başlayır.
Məşhur alman brendi "BMW"nin Bakıda satılan ən baha modeli x7-dir və 114 min avrodur ( 228 min manat ).