BMW şirkətinin 5 Series sedanını yeniləməyə hazırlaşdığı məlumdur. Lakin, bu günə qədər avtomobilin yalnız kamuflyajla örtülmüş şəkilləri dərc edilib.
Bu gün isə, yenilənmiş avtomolin dizaynı üzərindən sirr pərdəsi götürülüb - BMW Blog forumunda yenilənmiş 5 Series (G30) sedanının rəsmi şəkilləri peyda olublar. Qeyd etmək gərəkdir ki, sedanın eksteryerində baş vermiş dəyişikliklər cüzi xarakter daşıyır. Model, yenilənmiş tərtibatı olan işıq texnikasını, yeni bamperləri, radiator barmaqlığını və təkər disklərini əldə edib.
Dərc edilmiş şəkillərdə M kuzov dəsti və hibrid güc qurğusu ilə təchiz edilmiş BMW 530e sedanı təsvir olunur. Aqressiv dizaynı ilə seçilən ön bamper LED elementlərdən məhrum olub və irilənmiş hava girişlərinə sahib olub. Eyni zamanda, avtomobil onu daha “qəzəbli” göstərən ön fənərləri əldə edib. Ümumiyyətlə, yenilənmiş 5 Series modelinin ön hissəsi daha aqressiv dizayna malik olub.