Bu gün İnternet şəbəkəsində BMW iX3 elektrik krossoverinin seriya versiyasının şəkilləri peyda olub. Yeni krossoverin kütləvi debütü 2020-ci ilə planlaşdırılıb. Model alman istehsalçısının beşinci nəsil eDrive texnologiyasına sahib ilk elektromobili olacaqdır. BMW iX3 modelinin şəkilləri skott26.unofficial adlı Instagram hesabında dərc edilib. Şəkillərdəki avtomobil eyni adlı konsepti demək olar ki, tamamilə təkrarlayır, amma seriya modelinin "burun dəlikləri" fərqli şəkildə tərtib edilib, həmçinin kandarlar və arxa bamperin aşağı hissələrində mavi haşiyələr vardır. Şəkillərin həqiqiliyini, bu ilin əvvəlində krossover üçün hazırlandığl bildirilən aerodinamik təkər disklərinin şəkilləri təsdiq edir.
Artıq məlumdur ki, iX3 modeli beşinci nəsil eDrive texnologiyasını alacaq ilk BMW avtomobili olacaqdır. Yeni texnologiya elektrik mühərrikini, transmissiya, güc elektronikasını və NMC 811 batareyasını vahid modulda yerləşdirməyə imkan verir. Krossover arxa oxda quraşdırılmış elektrik mühərriki ilə təchiz ediləcəkdir. Güc qurğusu 286 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edir. 74 kilovat-saatlıq batareya sayəsində krossover 440 kilometr (WLTP) məsafə qət edəcəkdir.