Porsche şirkəti, 991seriyasından olan sonuncu 911 modelinin satışından əldə olunan vəsaiti koronavirus infeksiyası fonduna bağışlayacaqdır. Boz-polad rəngində eksklüziv 911 Speedster modeli 15 apreldə hərraca çıxarılacaqdır. Onlayn hərracda təkliflər 22 aprel tarixinədək qəbul olunacaqdır. Əldə olunan vəsait COVID-19 United Way Worldwide fonduna köçürüləcəkdir. Yeddinci nəsil Porsche 911 modelinin sonuncusu Heritage Design retro paketi, ağ və gümüş metal GT Silver rəngində kuzovu olan Speedster modelinin xüsusi versiyası olub. İdman avtomobilinin salonu qara və konyak rəngli dərilər ilə üzlənib.
Avtomobil ilə birlikdə, onun sahibi Speedster modelinin interyeri ilə eyni üslubda hazırlanmış 911 Speedster Heritage Design isveçrə xronoqrafı, habelə idman avtomobilinin yığılma prosesinin və konfiqurasiyasının təsvir edildiyi kitabı əldə edəcəkdir. Bundan əlavə, hərracın qalibi üçün Porsche şirkətinin mənzil-qərargahına ekskursiya təşkil ediləcək, avtomobilin açarının təqdim edilməsi isə, Porsche şirkətinin Şimali Amerika şöbəsinin rəhbəri Klaus Zellmerə həvalə olunacaqdır.
Texniki cəhətdən 1948 seriya nömrəsi olan Porsche 911 Speedster, digər idman avtomobillərindən fərqlənmir. Spidster 509 at qüvvəsi hasil edən 4.0-litrlik altısilindrli oppozit mühərriki və 6-pilləli mexaniki transmissiya ilə təchiz edilir., Ötürmə - arxa oxadır.
Sonuncu Porsche idman avtomobilinin satışından nə qədər vəsait əldə olunacağını təxmin etmək çətindir, lakin xeyriyyə hərraclarında avtomobillərin qiyməti bazar qiymətlərindən dəfələrlə çox olur.