AVTO

13 Aprel

Airbus 2020-ci ilin ilk rübünə aid rəqəmləri açıqlayıb

Avropalı təyyarə istehsalçısı mart ayında 21 ədəd yeni sifariş qəbul edib, təhvil verdiyi sifariş sayı isə 36 olub. Beləliklə, bu ilin ilk rübündə yeni sifariş sayı 290-a çatıb, 122 təyyarə müştərilərə təhvil verilib. Fevral ayında 55 təyyarə təhvil verən Airbus məhsudarlığının azalmasına səbəb kimi Covid-19 pandemiyasının təsirlərini və bəzi müştərilərin təyyarələrin təhvil verilməsinin təxirə salınması tələbini göstərib. İlk rübdə istehsal olunan 60 ədəd təyyarə hələ də müştərilərə verilməyib ki, onların arasında Türk Hava Yollarının ilk Airbus A350 təyyarəsi də var.

Pandemiya ilə olduqca yaxşı başlayan Airbus-ın istehsal proqramına ciddi təsir göstərib. Şirkət istehsal həcmini 30-35% azaltdığını bildirib. Yeni proqrama əsasən, Airbus bundan sonra ayda 40 ədəd A320, 2 ədəd A330 və 6 ədəd A350 istehsal edəcək. Şirkət Almaniyadakı 2 zavodundakı istehsal və montaj işlərini də müvəqqəti olaraq azaldıb, ABŞ-ın Alabama ştatındakı A220 və A320 istehsal edilən zavodlarının fəaliyyətini müvəqqəti dayandırıb. Fransa və İspaniyadakı istehsal mərkəzlərinin fəaliyyətləri də son 2 həftə ərzində 4 gün müddətinə dayandırılıb. Məhdudiyyətlər İngiltərə və Kanadadakı zavodlardan da yan keçməyib.

Airbus pandemiyaya görə zavodlarına yeni iş standartları gətirib və buna ciddi əməl edir. Şirkət həm də tibbi maskalar və süni nəfəs aparatları da daxil olmaqla, bəzi tibbi avadanlıqları istehsal edərək tibb sektoruna öz köməyini edir. Şirkət bütün dünyanın üz-üzə qaldığı virusla mübarizədə təmənnasız daşınma xidmətləri də göstərir. Belə ki, həftəiçi Fransa, Almaniya, İspaniya və İngiltərəyə paylamaq üçün Çindən 4 milyon ədəd tibbi maskanın gətirilməsinə A350-1000 test təyyarəsini cəlb edib. Test təyyarələrindən belə istifadə ənənəvi olmasa da, Airbus keçən həftələrdə də Airbus A330-800 və Airbus A330 MRTT test təyyarələrindən Çindən Avropaya tibbi avadanlıqların gətirilməsində istifadə etmişdi. Eyni zamanda, Avropa daxilində də tibbi xidmətlərin göstərilməsi məqsədi ilə A400M və Beluga təyyarələri səfərbər edilib.