Bir çoxları "bərkgedən" Mercedes-Benz avtomobillərini yalnız AMG modelləri ilə assosiasiya edirlər. Lakin, bu hər zaman belə olmayıb. Alman şirkəti AMG bölməsinin yaradılmasından öncə də "bərkgedən" modelləri buraxıb. Buna misal kimi, Mercedes-Benz 500E modelini göstərmək olar. 1989-cu ildə Mercedes-Benz şirkəti Porsche şirkətinə müraciət edərək W124 seriyasından olan sedanın şassisini radikal şəkildə dəyişərək, buraxılacaq yeni "bərkegən" model üçün uyğunlaşdırmağı xahiş edib. Porsche hər bir Mercedes-Benz 500E modelinin şassisini gücləndirərək, rənglənməsi üçün Zindelfingendəki zavoda göndərirdi. Rənglənmiş avtomobil yenidən Zuffenhauzenə qaytarılır və burada onun tam yığılması prosesi həyata keçirilirdi. Sonradan avtomobillər son yoxlamadan keçmək üçün Mercedes-Benz şirkətinə göndərilirdi.
Mercedes-Benz 500E sedanı 500 SL modelindən götürülmüş 5,0-litrlik səkkizsilindrli atmosfer mühərriki ilə təchiz edilirdi. Güc aqreqatının hasilatı 322 at qüvvəsi və 480 Nm təşkil edirdi. "Bərkgedən" sedan 100 km/saat həddini 6,1 saniyəyə toplayır və 260 km/saat maksimal sürət həddinə malik idi. Bu günlərdə Amerika Birləşmiş Ştatlarında 4416 nüsxəlik tirajla buraxılmış "bərkgedən" sedanlardan biri satışa çıxarılıb. 1991-ci ildə istehsal olunmuş sedanın odometrində 118578 kilometr yürüyüş göstəricisi vardır. Qeyd etmək lazımdır ki, avtomobil əla vəziyyətdədir - onun geniş təkər tağlarına malik olan qara kuzovu əvvəlki kimi möhtəşəm görünür. Avtomobilin salonu da yaxşı vəziyyətdədir və ağacdan hazırlanmış dekor elementlərinin bolluğu ilə seçilir. Modelin satış qiyməti 49.999 dollardır.