Volkswagen şirkətinin Cenevrə avtosalonunda iki yeni "qaynar" Golf hetçbekini nümayiş etdirəcəyini məlumdur. Bunlar, benzin mühərriki ilə təchiz edilmiş Golf GTI və dizel aqreqatına sahib olan Golf GTD modellərinin səkkizinci nəsilləridir. Bu gün alman istehsalçısı Golf GTI modelinin ilk tizerini dərc edib və nə qəribədir ki, yeni tizer bir müddət bundan öncə dərc edilmiş Golf GTD modelinin tizerinə çox bənzəyir.
Fins.az autograph.az-a istinadən bildirir ki, iki tizeri müqayisə etsək, benzin mühərrikli hetçbekin dizel aqreqatlı "qardaşından" fənərlərin yanında yerləşdirilmiş GTI emblemi və ön işıq texnikasının elementlərini birləşdirən qırmızı rəngli xətt ilə fərqlənir.
Alman markası bu modellərin texniki xarakteristikalarını sirr olaraq saxlasa da, bir müddət bundan öncə sızmış məlumata görə, Golf GTD modelinin 200 at qüvvəli 2,0-litrlik turbodizel ilə təchiz ediləcəyi ehtimal olunur. Golf GTI isə gözləndiyindən bir qədər zəif ola bilər - ilkin məlumatlara görə, "qaynar" hetçbek 245 at qüvvəsi hasil edən güc qurğusuna sahib olacaqdır. Bir qədər sonra isə, 300 at qüvvəli Golf TCR və 400 at qüvvəsinə sahib olacağı güman edilən ekstremal Golf R modeli təqdim ediləcəkdir.
Çox güman ki, hər iki "qaynar" model haqqında məlumat Cenevrə avtosalonu öncəsi təşkil ediləcək "Volkswagen Night" tədbirində açıqlanacaqdır.