AVTO

09 Yanvar

Uçan taksi olacaq - YENİLİK - FOTO

Las Veqasda keçirilən CES- 2020 Beynəlxalq istehlak elektronikası sərgisinin başlanılmasına bir neçə gün qalmış Hyundai və Uber şirkətləri birgə hazırladıqları Urban Air Taxi (“Şəhər hava taksisi”) adlı layihəsini təqdim ediblər.

Bu layihə çərçivəsində Hyundai şirkəti belə bir nəqliyyat vasitəsini yaratmaq vəzifəsini öz üzərinə götürüb. Hyundai S-A1 adlandırılmış konvertoplan dörd mühərriklə təchiz edilibdir. Bu sxem pərlərə düşən yükü azaltmaqla yanaşı, səs-küy səviyyəsini aşağı salır və onların etibarlılığını yüksəltməyə xidmət edir. Tamamilə elektrik mühərrikləri ilə hərəkətə gələn konvertoplan 290 km/saat kreyser sürətinə və 600 metrə qədər hündürlükdə uçmağa hesablanıb. Dolu batareya ilə hava taksisi 100 kilometr məsafə qət edə və pilotla yanaşı dörd sərnişini qəbul edə bilər. Gələcəkdə hava taksisini  tamamilə avtonom etmək planlaşdırılır.

Uber şirkəti isə, öz növbəsində, yeni sistemin fəaliyyət göstərməsi üçün lazım olan infrastrukturu yaratmağı öz üzərinə götürüb. Görünən odur ki, Uber şirkətini bürokratlar ilə ciddi mübarizə gözləyir. Məlum olduğu kimi, bir çox şəhərlərin hava məkanında uçuşlara çoxsaylı məhdudiyyətlər vardır. Bundan əlavə, Uber, Hyundai təyyarəsi üçün uçuş-eniş zolaqlarını, sərnişin "terminallarını" və digər infrastruktur komponentlərini yaratmalı və uyğunlaşdırmalıdır. Bir sözlə, Uber əslində miniatür hava limanlarını yaratmalıdır. Hyundai şirkəti yeni layihənin "şəhər nəqliyyatı anlayışını dəyişdirə, şəhər icmasını canlandıra və sakinləri daha çox asudə vaxt ilə təmin edə biləcəyini" bildirib. Uber isə, öz növbəsində, Hyundai şirkətinin istehsal güclərinin onların texnoloji platforması ilə birləşməsinin önümüzdəki illərdə uçan taksi şəbəkəsinin istifadəyə verilməsi istiqamətində atılan nəhəng bir addım olduğunu qeyd edib. Layihənin reallaşdırılmasının dəqiq  müddəti açıqlanmayıb.