Fisker Ocean elektrik krossoverinin avadanlıq siyahısına maraqlı bir opsiya daxil edilib.
Bu, oturacaqların «büllur» işıqlandırılmasıdır. Hələlik istehsalçı bu barədə heç bir məlumat verməyib və bütün detalları gələn ilin əvvəlində Las Veqasda keçiriləcək Consumer Electronics Show (CES) sərgisində açıqlanacağını bildirib.
Fisker şirkəti dərc etdiyi yeganə şəkildə belə işıqlandırmaya malik olan ön oturacaqların görüntüsünü nümayiş etdirib. Təsvirdəki oturacaqlar Crystal Lighting («büllur işıqlandırma») adlandırılır. LED modullar oturacaq başlıqlarında və onların alt hissəsində yerləşdiriləcək və Fisker loqotipi yan tərəfə işıqlanacaqdır. Qeyd etmək lazımdır ki, «büllur» ətraf işıqlandırması «Okean» krossoverinin yeganə maraqlı xüsusiyyəti deyil.
Bir müddət bundan əvvəl şirkət California mode («Kalifornia rejimi») funksiyasını təqdim edib. Bu funksiya düyməyə bir toxunuşla yan pəncərələri, panoram tavanı və baqaj qapısındakı pəncərəni açmağa yardım edir. Fisker Ocean modelinin elektrik güc qurğusu 80 kVs tutumu olan batareyadan qidalanan iki elektrik mühərriki ilə təchiz edilir. İlkin məlumatlara görə, krossoverin yürüş ehtiyatı 483 km təşkil edəcəkdir. Fisker Ocean modelinə sifarişlər artıq qəbul edilir. Lakin, ilk avtomobillər müştərilərə 2022-ci ildə çatdırılacaqdırlar.