Rusiyanın paytaxtı Moskvada Stalinin oğurlanmış limuzini tapılıb. Maşını qaçıranların özləri hələ tutulmayıb.
Bu barədə “Moskovskiy komsomolets” xəbər yayıb.
Avtomobil qarajda tapılıb. Ehtimal ki, yaxın vaxtlarda cinayətkarlar nömrələri silmək və maşını təhlükəsiz yerə aparmaq niyyətində olublar.
Xatırladaq ki, hazırda 2,5 milyon avro (4725000 AZN) dəyərində qiymətləndirilən Stalinin limuzini dünən Rusiyanın paytaxtından oğurlanmışdı. Oğrular qaraja girərək işlək vəziyyətdə olmayan ZİS markalı maşını saxta dövlət qeydiyyat nişanlı evakuatora mindirərək naməlum istiqamətə aparmışdılar.
Oğurluqdan sonra isə limuzinin hazırkı sahibinin mobil telefonuna bu barədə SMS yollanmışdı.
Sənədlərə görə, bu avtomobil ukraynalı oliqarxlardan birinin təhlükəsizlik xidmətinin rəhbəri Ruslan Tarpana məxsusdur. Avtomobil sahibi hazırda öz vətənində ev həbsindədir. İsmarıcı aldıqdan sonra Tarpan Moskvadakı dostundan xahiş edib ki, gedib limuzinin vəziyyətini yoxlasın. Dostu yalnız boş qarajla rastlaşıb.