Britaniyanın Enerji Tədqiqatları Mərkəzi (UKERC) dərc etdiyi “İllik Enerji Siyasəti İcmalında” nəqliyyat sektorunda karbon tullantılarının artmasının əsas səbəblərindən biri kimi, krossoverlərin sayının çoxalmasını göstərib. UKERC-in fikrincə, hökumət təcili tədbirlər görməli və tamölçülü avtomobillərin satışını məhdudlaşdırmalıdır.
UKERC-in məlumatına görə, son bir ildə CO₂ tullantılarında artım yalnız nəqliyyat sektorunda qeydə alınıb. Bu, qismən ağır yük maşınlarının, gəmilərin və təyyarələrin tullantılarının azaldılması problemləri ilə əlaqədardır. Bununla belə, avtomobillər, xüsusən də krossoverlər “təmiz” olmayıblar. Sənəddə deyildiyi kimi, bütün diqqətin mücərrəd olan "elektomobillərin inqilabına" yönəldilməsinə baxmayaraq, krossoverlər və böyük avtomobillərin populyarlığının nəzarətsiz artması diqqətdən kənar qalıb. Üç il ərzində, yəni, 2015-ci ildən 2018-ci ilə qədər onların payı 13,5 faizdən 21.2 faizə qədər artıb.
UKERC bu trendin Böyük Britaniya üçü unikal olmadığını bildirir. Beynəlxalq Enerji Agentliyi 2010-cu ildən bəri yollarda krossoverlərin sayının 60 faiz artdığını hesablayıb. Onlar, enerji sektorundan sonra karbon qazının ikinci ən böyük mənbəyidir – bu sahədə onlar hətta ağır sənaye və aviasiyanı da qabaqlayırlar. Böyük avtomobillərə olan tələbat ekoloji cəhətdən təmiz nəqliyyata keçidi sabotaj edir və bu proses nəzarət altına alınmalıdır. SUV seqmentindəki satışlar 20 faizi keçsə də, batareya ilə işləyən nəqliyyat vasitələrinin (BEV) payı isə cəmi 0,7 faizdir.
Fransa hökuməti də krossoverlər və iri avtomobillərin satışını məhdudlaşdırmaq niyyətindədir. Gələn ildən başlayaraq ölkədə vergi qanunları dəyişəcək və bir kilometrə 212 qramdan çox karbon qazı yayan avtomobillərin alıcıları 12.500 əvəzinə 20.000 avro “emissiya vergisi” ödəməli olacaqlar.