Yolun hərəkət hissəsinə çıxan velosipedçiləri və mopedçiləri yol polisi nəzarətə götürəcək. Qaydaları pozanlar xəbərdarlıq edilməklə yanaşı həm də cərimə olunacaqlar.
Fins.az-ın məlumatına görə, yol polisinin bu addımı atmasına səbəb, son günlər velosipedçilərin vurulması ilə nəticələnən qəzalardır. Baş Dövşət Yol Polisi İdarəsinin şöbə rəisi Rüfət Quliyev deyir ki, ərazilərdə xidmət aparan yol polis əməkdaşları bu cür nəqliyyat vasitəsini idarə edənlərə qarşı nəzarəti daha da artıracaq.
Qeyd edək ki, bir çox hallarda xüsusən də moped sürücüləri sərnişinlərini dəbilqəsi olmadan aparırlar. Bu da ciddi pozuntudur və yol nəqliyyat hadisəsi baş verərsə həmin sərənişnin ciddi xəsarət alması, hətta ölməsinə belə səbəb ola bilər. Rufət Quliyev deyir ki, bu cür hadisələrin olmaması üçün velosiped və moped sürücüləri arasında mütəmadi olaraq marifləndirici və qabaqlayıcı tədbirlər də görülür.
Qeyd edək ki, yolun hərəkət hissəsinə çıxaraq özləri ilə yanaşı digər hərəkət iştrakçıları üçün təhlükə yaradan velosiped və moped sürücüləri inzibati xətalar məcəlləsinin müvafiq maddəsi ilə 40 manat məbləğində cərimə olunacaqlar.