AVTO

20 Dekabr

Bosch-dan sürücülərə TƏKLİF

Bosch şirkəti, avtomobilin salonunda baş verənlərə nəzarət etmək iqtidarında olan texnologiyanı hazırladığını bəyan edib.

Fins.az xəbər verir ki, süni dərrakənin əsasında yaradılmış sistem sürücünün vəziyyətini qiymətləndirərək, onun diqqətinin idarəetmədən yayınması hallarını qeydə alacaqdır. Buna misal olaraq, diqqətin smartfona yönləndirilməsini göstərmək olar. Əgər belə vəziyyət aşkar olunarsa, sistem səs siqnalları verərək, avtomatik şəkildə sürəti azaldacaq.

Hərəkət təhlükəsizliyi üzrə ekspertlər 50 km/saat sürəti ilə hərəkət edən avtomobilin 3 saniyə ərzində 42 metr qət etdiyini müəyyən ediblər. Məhz 3 saniyə sürücüyə smartfondakı yeni bildirişlərin olub-olmamasını yoxlamaq üçün gərək olan vaxtdır.  Müvafiq olaraq, sürətin yüksək olması halında, bu müddət ərzində avtomobilin qət etdiyi məsafə də artacaqdır. Bir çoxları isə bununla bağlı risqləri nəzərə almırlar. Bədbəxt hadisələrin qarşısını almaq məqsədi ilə, Bosch şirkəti sükan çarxında sürücünün baxış istiqamətini və onun baş hərəkətlərini dayanmadan qeydə alan kameranı quraşdırmağı təklif edirlər. Əgər sistem sürücünün diqqətinin yayındığını aşkar edərsə, o zaman səs siqnalı verəcək, kritik vəziyyətdə isə avtomobili yavaşladacaqdır. Bu isə sürücülərin daha məsuliyyətli olmasına və diqqətin kənar faktorlara, o cümlədən smartfonlara, yayınmamasına gətirib çıxaracaq.

Sistemin funksionallığını kameraların sayını artırmaqla genişləndirmək olar: məsələn, əlavə sensorlar arxa görüntü güzgüsünün üzərinə və ya altına yerləşdirilə bilər. Bu, yalnız sürücünün deyil, həm də ikinci sıradakı sərnişinlərin vəziyyətini izləməyə imkan verəcəkdir. Yeni sistemin seriya avtomobillərində kütləvi tətbiqinə 2022-ci ildə başlanmalıdır. Bosch mütəxəssislərinin hesablamalarına görə, bu texnologiyanın tətbiqi 2038-ci ilə qədər Avropada 25 min insanın həyatını xilas edəcək, 140 min nəfərin isə ciddi şəkildə zədələnməsinin qarşısını alacaq.