Fins.az xəbər verir ki, Azərbaycanda ilk dəfə qaragilə (mavigilə) bağlarının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək
- 2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə olaraq intensiv qaragilə (mavigilə) bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar ayrılacaq.
- Qaragilə (mavigilə) yüksək ixrac potensialına sahib giləmeyvə sayılır, xarici bazarlarda böyük tələbatın olması səbəbilə son illər ölkəmizdə də bu giləmeyvənin yetişdirilməsinə maraq artıb.
- Müqayisəli üstünlüyə malik qaragilə (mavigilə) bitkisinin becərilməsi çox xərc tələb etdiyindən, dövlət tərəfindən bu xərclərin bir hissəsinin qarşılanması siyasəti həyata keçirilir.
- Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə (mavigilə) bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası veriləcək.
- Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş qaragilə (mavigilə) bağlarına şamil olunur.
- Qeyd edək ki, hazırda ölkəmizin müxtəlif bölgələrində qaragilə (mavigilə) yetişdirilir. Bu giləmeyvənin əkin materialları əsasən, xaricdən gətirilir.
- Amma artıq qaragilə (mavigilə) bitkisinin əkin materialının Azərbaycanda da kütləvi istehsalı başlanılıb. Kənd Təsərrüfatı Nazirliyinin Qubada yerləşən Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında qaragilə (mavigilə) bitkisi in-vitro üsulu ilə çoxaldılır.
Zemfira Ms
Fins.az