Aqrar Xidmətlər Agentliyinin mütəxəssisləri tərəfindən müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobuslarla Naxçıvan MR-nın rayon və kəndlərində fermerlərə səyyar xidmət göstərilir.
Fins.az xəbər verir ki, səyyar xidmət mikroavtobusları müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar, qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.
Səyyar xidmətin həyata keçirilməsində əsas məqsəd fermerlərin rahatlığının təmin olunması üçün yerlərdə xidmət göstərmək, operativliyin, çevikliyin və vətəndaş məmnunluğunun təmin olunmasıdır.
Fermerlər səyyar xidmət mikroavtobusuna yaxınlaşaraq Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinlərini bəyan edirlər, eləcə də texniki baxışdan keçməyən texnikalar texniki baxışdan keçirilir, dövlət qeydiyyatına alınır, eləcə də etibarlılıq müddəti bitmiş və ya yararsız hala düşmüş traktor və digər mexaniki nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqələri dəyişdirilir, yeni vəsiqələr təqdim olunur.
Fermerlər göstərilən xidmətlərin faydaları, o cümlədən torpağın aqrokimyəvi analizinin əhəmiyyəti, sertifikatli toxumdan istifadənin üstünlükləri, texnikaların dövlət qeydiyyatına və texniki baxışa təqdim etmə qaydaları, eləcə də dövlət rüsumları ilə bağlı maarifləndirilir.
Tədbirlər davam etdirilir.
Zemfira Ms
Fins.az