AQRO

18 Noyabr

Gürcüstan kənd təsərrüfatında qarışıq dinamika

Fins.az - Gürcüstanın Milli Statistika Xidməti "Sakstat" tərəfindən 2024-cü ilin üçüncü rübünə dair açıqlanan məlumatlar ölkədə heyvandarlıq sektorunda diqqətəlayiq dəyişikliklər olduğunu göstərir.

Hesabata əsasən, ölkədə iri buynuzlu heyvanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,3% azalaraq 848 min baş olub. Bu dövrdə inək və camışların sayı isə 401,8 min baş təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,2% azalma deməkdir. Eyni zamanda, donuzların sayı əhəmiyyətli dərəcədə artaraq 213,6 min başa çatıb ki, bu da ötən ilin üçüncü rübü ilə müqayisədə 12,6% artım deməkdir. Bunun əksinə olaraq, ev quşlarının sayı 1,7% azalaraq 9,4 milyon baş olub.

2024-cü ilin üçüncü rübündə Gürcüstanda heyvandarlıq məhsullarının istehsalında qarışıq dinamika müşahidə edilib. Ət istehsalı 6% artaraq 19,5 min tona çatıb. Süd istehsalı isə cüzi azalma ilə 171,8 milyon litr təşkil edib. Yumurtanın istehsalı da 0,4% azalaraq 153,1 milyon ədədə enib.

İyul-sentyabr aylarında Gürcüstandan 46,7 min baş iri buynuzlu heyvan ixrac edilib ki, bu da ötən ilin müvafiq dövründən 1,1 min baş çoxdur. Lakin iri buynuzlu heyvanların idxalı azalıb və 5,8 min baş təşkil edib. Ev quşlarının ixrac və idxal rəqəmləri isə eyni olub – hər biri 1,5 milyon baş.

Donuzların idxalında isə artım qeydə alınıb: ötən ilin 44,9 min baş göstəricisi bu il 51,7 min başa yüksəlib. Bununla belə, 2024-cü ilin üçüncü rübündə donuzların ixracı həyata keçirilməyib.