AQRO

06 Noyabr

Yeni üzüm bağlarının salınmasına dəstək mexanizmləri həyata keçirilir

Fins.az - Bu il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək salınacaq üzüm bağlarının hər hektarına görə fermerlərə 8 min manat birdəfəlik əkin subsidiyası ödəniləcək.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, qeyd olunan məbləğ Quba-Xaçmaz iqtisadi rayonu istisna olmaqla digər rayonlarda süfrə üzüm sortlarından, Qarabağ, Şərqi Zəngəzur, Şəki-Zaqatala, Gəncə-Daşkəsən, Dağlıq Şirvan və Qazax-Tovuz iqtisadi rayonlarında texniki üzüm sortlarından olan tinglərin əkildiyi, sahəsi azı 2 hektar olan, “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq sığortalanmış üzüm bağlarına görə ödəniləcək.

Aqrar Subsidiya Şurasının qərarına əsasən, 2021-ci ilin sentyabrından bu ilin sentyabrına kimi salınan üzüm bağlarının hər hektarına görə 700 manat əkin subsidiyasının ödənilməsi nəzərdə tutulur. 2021-ci ilin sentyabrından əvvəlki tarixlərdə salınan bağlara görə isə fermerlərə hər hektara görə 250 manat subsidiya ödəniləcək.

Yeni üzüm bağlarının salınmasının subsidiyalaşdırılması fermerlərin bağların salınmasına çəkdiyi xərcin bir hissəsinin dövlət tərəfindən qarşılanması deməkdir və bu dövlət dəstəyi mexanizmi ölkədə üzüm bağlarının sahəsinin genişlənməsinə əhəmiyyətli təsir göstərəcək.