Kənd Təsərrüfatı Nazirliyi və Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin birgə təşkilatçılığı, Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə “Town Hall” formatında tədbir keçirilib. Tədbirdə aqrar sahədə görülən işlər və nəzərdə tutulan layihələr müzakirə olunub, aqrar sahənin aktual mövzularına dair təqdimatlar keçirilib.
Fins.az xəbər verir ki, tədbirdə “Fermer Təsərrüfatlarının Dayanıqlı Məlumat Şəbəkəsi”, “Aqrar sahədə süni intellekt”, “Taxıl yığımının izlənilməsi sistemi” kimi innovativ layihələr, o cümlədən işğaldan azad edilmiş ərazilərdə torpaqdan istifadə qaydaları, Ağalı kəndində pilot layihə kimi icra olunan yeni parselləmə modeli ilə bağlı təqdimatlar nəzərdən keçirilib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransı (COP29) barədə təqdimatda qeyd olunub ki, COP29 çərçivəsində 19 noyabr tarixində keçiriləcək “Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə də iqlim dəyişikliyi və iqliməuyğun kənd təsərrüfatının mövzusuna xüsusi toxunulacaq, 14 qlobal təşəbbüsdən biri olan, kənd təsərrüfatı, ətraf mühit və iqlim məsələlərini özündə ehtiva edən “Bakı Harmoniya İqlim Təşəbbüsü” təqdim ediləcək.
Daha sonra “İşğaldan azad edilmiş ərazilərdə aqrar siyasətinin tətbiqi və strukturlaşma” mövzusunda qrup çalışması həyata keçirilib. Qrup çalışmasında Kənd Təsərrüfatı Nazirliyinin və tabeli qurumlarının rəhbər şəxsləri, Aqrar Sahə İşçilərinin Həmkarlar İttifaqı Birliyinin təmsilçilərinin iştirakı ilə komanda şəklində işğaldan azad edilmiş ərazilərdə aqrar potensialın, zəruri infrastrukturun qurulması, istehsal və emalın təşkili, bu sektorda elmtutumlu, innovativ, yeni nəsil texnologiyaların tətbiqi istiqamətləri müzakirə olunub. Fəal interaktiv formatda keçən tədbirdə komanda üzvləri təklifləri ümumiləşdirərək müzakirəyə təqdim ediblər.
Kənd təsərrüfatı naziri Məcnun Məmmədov belə formatda görüşlərin mütəmadi keçirilməsini dəstəklədiyini, nazirliyin müxtəlif qurumlarının daha da koordinasiyalı çalışmasını, fermer yönümlü fəaliyyətin, vətəndaş müraciətlərinin diqqətdə saxlanmasını bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Çıxışında Məcnun Məmmədov bildirib ki, hazırda cənab prezident İlham Əliyevin rəhbərliyi altında işğdaldan azad edilən ərazilərin bərpası, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər uğurla həyata keçilir. Nazir əlavə edib ki, Azərbaycanın aqrar sektorunda mühüm paya malik olacaq Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında əkin üçün istifadəyə yararlı torpaqlarda zəruri infrastrukturun yaradılması, aqrar fəaliyyətin bərpası və inkişafı üçün Kənd Təsərrüfatı Nazirliyinin bütün kollektivi öz üzərinə düşən məsuliyyətini anlamalı, ölkəmizin hərtərəfli tərəqqisi üçün əzmlə çalışmalıdır.
Tədbirin sonunda mövzular ətrafında fikir mübadiləsi aparılıb, məruzəçilər tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırıblar.
Fuad Mədətov
Fins.az