İqlim dəyişikliyi kənd icmalarında ağır nəticələrə səbəb olur.
Bunu Fins.az-a açıqlamasında sosioloq Elçin Bayramlı deyib.
Onun sözlərinə görə, kənd icmaları iqlim dəyişikliyinin mənfi təsirlərindən daha çox zərər çəkirlər:
“Kəndlərdə əkin-biçin, heyvandarlıq və sair fəaliyyət növləri hazırda riskli hala gəlib. Su böhranı və quraqlıq, kənd təsərrüfatı fəaliyyətlərini ciddi şəkildə təsir edir. Təbii fəlakətlər artıb, su böhranı, quraqlıq çoxalıb. Bu, kənd icmalarının maliyyə durumunu zəiflədir və onları müflis olma təhlükəsi ilə qarşı-qarşıya qoyur”.
E.Bayramlı, kənd icmalarının iqlim dəyişikliyinə qarşı adaptasiya strategiyalarının vacibliyini vurğulayıb:
“Dövlətlər xüsusi proqramlar həyata keçirməlidirlər. Bu proqramlar, kənd icmalarının risklərini minimuma endirmək məqsədini güdür”.
Sosioloq bildirib ki, icbari sığorta məsələsi, bu kontekstdə önəmli yer tutur və bununla bağlı icbari sığorta məsələsi vacibdir. O, vurğulayıb ki, icbari sığorta, kənd təsərrüfatı risklərinin daha yaxşı idarə olunmasına imkan tanıyır.
E.Bayramlı, kəndlilərin qarşılaşdığı torpaq və toxum problemlərini də qeyd edib:
“Kəndlilər hər toxum almalıdır, ona xidmət göstərməlidir, xidmət üçün dərmanlama və sair problemlər var ki, bu da proses zamanı çoxalır. Bu, kənd icmalarının adaptasiya strategiyalarını çətinləşdirir. Torpağın gücünün azalması, kənd təsərrüfatının dayanıqlığını daha da azaldır. Eyni zamanda, əkinlərin, toxumların çoxalması da torpağı gücdən salır, asılı vəziyyətə gətirir. Dövlətlər xüsusi proqramlar həyata keçirməlidir, sığortalanmaqdan tutmuş su təminatı və sair məsələlər elmi yanaşma qoyularaq regionlar üzrə aqrar inkişafına nail olunmalıdır. Bu proqramlar, kənd icmalarının iqlim dəyişikliyi ilə mübarizəsini asanlaşdırmalıdır”.
Fuad Mədətov
Fins.az