AQRO

11 Oktyabr

Azərbaycanda "Ağıllı Tinglik Təsərrüfatı" layihəsi: Kənd təsərrüfatında yeniliklər

Oktyabrın 10-da Laçın şəhərində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həll edilməsi üçün yaradılan Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İdarələrarası Mərkəzin Ekoloji Məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib.

Fins.az-ın məlumatına görə, iclasda işçi qrupda təmsil olunan müvafiq dövlət qurumlarının, eləcə də Laçın, Şuşa, Kəlbəcər, Ağdam, Füzuli, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliklərinin, Bərpa, Tikinti və İdarəetmə Xidmətlərinin nümayəndələri iştirak ediblər.

İclasda giriş nitqi ilə çıxış edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov bildirib ki, "Azərbaycan-Türkiyə Beynəlxalq Meşəçilik Təlim Mərkəzi", "Ağıllı Tinglik Təsərrüfatı" və "Dostluq meşəsi" layihələri çərçivəsində ərazinin hasarlanması, tinglik təsərrüfatı üçün istinad divarlarının hazırlanması, eləcə də içməli su, kanalizasiya, yağış suyu, drenaj və suvarma suyu üçün boruların çəkilişi işləri həyata keçirilib.

"16,4 ha 'Dostluq meşəsi' və ona bitişik 57,0 ha torpaq sahəsində terras üsulu ilə yeni yaşıllıq sahəsi salınıb," – deyə nazir müavini vurğulayıb. O, həmçinin Türkiyə Respublikasının sifarişi ilə inzibati və köməkçi binaların tikintisinə cəlb edilmiş podratçı şirkətlər tərəfindən aparılan işlərdən də danışıb.

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəsi Məsim Məmmədov görülən işlər barədə danışıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri, İşçi Qrupun üzvü Mehman Nəbiyev, həmçinin işğaldan azad edilmiş bölgələrdə məişət tullantıları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında kommunikasiyanın gücləndirilməsi məqsədilə görülən işlərdən bəhs edib.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin baş mühəndisi Çingiz Tanrıverdiyev 2024-cü ildə yerquruluşu və torpaq tədqiqat işlərinin aparılması planları ilə tanış edib.

İclasda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, ASC-nin İdarə Heyətinin sədr müavini Sabit Zeyniyev və digər səlahiyyətli şəxslər də çıxış ediblər.

İclasda iştirakçılar tərəfindən Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında infrastruktur layihələrinin icrası zamanı ekoloji tələblərin vəziyyəti, filiz və qeyri-filiz, şirin və termal mineral su yataqlarının mövcud vəziyyəti, torpaqların elektron kadastr uçotu işlərinin nəticələri, Laçın hava limanının inşası zamanı meşə ərazilərinin əvəzlənməsi və digər müvafiq məsələlər müzakirə edilib.

İclasın nəticəsi olaraq, işğaldan azad edilmiş bölgələrdə bərk məişət tullantıları ilə bağlı vəziyyətin yaxşılaşdırılması üçün müvafiq qurumlar arasında əlaqələrin gücləndirilməsi məqsədilə verilmiş tapşırıqların icrası müzakirə olunub