Qazaxıstan, Mərkəzi Asiya regionunda iqlim dəyişikliyi və “yaşıl enerji” sahəsində layihələri təşviq edən bir ofis yaratmaq niyyətindədir və bu təşəbbüsü beynəlxalq tərəfdaşlarla paylaşaraq dəstəkləməyə dəvət edir.
Fins.az-ın məlumatına görə, bunu Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel Bakıda keçirilən “COP29 çərçivəsində kənd təsərrüfatı və su resurslarının idarə edilməsində davamlılıq və yenilikçilik” mövzusunda beynəlxalq simpoziumda qeyd edib.
Səfir A.Bayel, Qazaxıstanın iqlim dəyişikliyi, ekoloji problemlər və su çatışmazlığı ilə mübarizə sahəsindəki tədbirlərini vurğulayıb və ölkənin beynəlxalq iqlim müqavilələri çərçivəsində öz öhdəliklərini yerinə yetirmək üçün çalışdığını bildirib. O, həmçinin, dayanıqlı inkişaf məqsədlərinin Qazaxıstanın milli gündəlikdə mühüm yer tutduğunu qeyd edib.
Qazaxıstanın 2030-cu ilə qədər istixana qazı emissiyalarını ən azı 15% azaltmaq məqsədi olduğunu bildirən səfir, beynəlxalq maliyyə institutlarının dəstəyi ilə bu rəqəmin 25%-ə qədər artırılmasının prioritet olduğunu vurğulayıb.
Alim Bayel, həmçinin, Prezident Qasım-Jomart Tokayevin Xəzər dənizinin Qazaxıstan hissəsində, ölkə tarixində ilk dəfə olaraq, dənizdə mühafizə olunan ərazi yaradılması təşəbbüsünü diqqətə çatdırıb. Bu ərazi, ekosistemi və Xəzər suitilərinin yaşayış mühitini qorumağa yönəlib.
Qazaxıstan Prezidentinin 2026-cı ildə ölkəsində Regional İqlim Sammiti keçirmək təşəbbüsünün, ölkənin “yaşıl gündəliyini” təşviq etmək öhdəliyinə sadiqliyini göstərdiyi qeyd olunub.
Səfir, eyni zamanda, Qazaxıstanın noyabr ayında Bakıda keçiriləcək COP29 qlobal iqlim konfransında fəal iştirak edəcəyini vurğulayıb.
Qeyd edək ki, ADA Universitetində Azərbaycanın dövlət qurumlarının, diplomatik korpusun, işgüzar dairələrin nümayəndələri, yerli və xarici alimlər və ekspertlərin iştirakı ilə keçirilən beynəlxalq simpoziumda kənd təsərrüfatı və su resurslarının idarə edilməsi sahəsində iqlim dəyişikliyi ilə bağlı problemlərin birgə həll yolları müzakirə edilib. Tədbir Azərbaycan hökuməti, eləcə də Qazaxıstan, Macarıstan və İtaliya səfirliklərinin təşəbbüsü ilə təşkil olunub.
Fuad Mədətov
Fins.az