AQRO

24 Sentyabr

Azərbaycanda buğda istehsalında irəliləyiş: 1991-dən 2023-ə

1991-ci ildə Azərbaycanda 1 milyon 346,4 min ton taxıl məhsulu, o cümlədən 889,4 min ton buğda istehsal edilibsə, 2023-cü ildə bu rəqəm 3 milyon 248,6 min tona (2,4 dəfə) və buğda istehsalı 1 milyon 833,9 min tona (2,1 dəfə) yüksəlib.

Fins.az xəbər verir ki, bunu kənd təsərrüfatı naziri Məcnun Məmmədov Bakıda keçirilən "İqlim dəyişikliyi fonunda dayanıqlı ərzaq təhlükəsizliyi" mövzusunda konfransda bildirib.

Nazir qeyd edib ki, Azərbaycanın SSRİ dövründə buğda ilə özünü təqribən 30% səviyyəsində təmin etdiyini, hazırda isə bu göstəricinin 58%-ə yüksəlib:

"Son dövrlərdə kənd təsərrüfatının inkişafına dair formalaşmış potensial, dövlət-özəl tərəfdaşlığı və müasir texnologiyaların tətbiqi, həmçinin işğal altında qalan torpaqların azad olunması ölkənin buğda ilə özünütəminatını daha da artırmaq üçün yeni hədəflər yaratmışdır".

Məcnun Məmmədov, bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ərəfəsində təşkil olunmuş konfransın kənd təsərrüfatı sektorunun əsas çağırışlarından biri olduğunu qeyd edib. O, aqrar siyasətin düzgün yönləndirilməsinin vacibliyini vurğulayıb:

“Nazirlik olaraq, dünyada gedən qlobal prosesləri və ölkə prioritetlərini nəzərə alaraq resurs qoruyucu yanaşmaların tətbiqini, ətraf mühitin mühafizəsini və dayanıqlı təsərrüfatçılıq ənənələrinin formalaşmasını ön planda saxlayırıq”.

Nazir, aqrar sektorda fermerlərə dəstək üçün müxtəlif subsidiyalar və kredit mexanizmlərinin mövcud olduğunu əlavə edib:

“Ölkədə aqrar biznes sektorunu dəstəkləmək məqsədilə aqrar bazarı ədalətli rəqabətə açmışıq. Xarici və yerli şirkətlər sadələşdirilmiş prosedurlardan keçərək müstəqil olaraq məhsul təqdim edə və dövlətin güzəştlərindən yararlana bilirlər”.

Nazir, iqlim dəyişikliyinin kənd təsərrüfatına ciddi mənfi təsirlərinin artdığını da qeyd edib:

“Son illərdə kənd təsərrüfatı istehsalçıları kəskin quraqlıqla müşahidə olunan, qışı mülayim keçən təsərrüfat mövsümləri yaşayır. Orta temperaturun 0,8-1,8 dərəcə artması və atmosfer yağıntılarının miqdarının 8-10% azalması dəmyə əkinçilik ənənələrinə və taxıl bitkilərinin məhsuldarlığına ciddi təsir göstərir”.

Nazirin sözlərinə görə, iqlim dəyişikliyinin təsirləri su ehtiyatlarının azalması, quraqlıq və temperaturun artması kimi problemləri özündə cəmləşdirir:

“Su ehtiyatlarının azalması məhsuldarlığın aşağı düşməsinə səbəb olur. Xüsusilə pambıq, taxıl və tütün kimi strateji məhsulların istehsalında bu risklər daha qabarıq biruzə verir".

Beynəlxalq hesabatlara əsasən, su və torpaq resurslarının istehsal imkanları son həddə doğru getməkdədir. Qlobal iqlim dəyişiklikləri, su çatışmazlığı və şoranlaşma, geniş torpaq ərazilərinin əkin dövriyyəsindən çıxmasına səbəb olur. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında son 20 ildə 190 milyon hektardan çox torpaq sahəsinin aktiv deqradasiyaya məruz qalaraq sıradan çıxması acınacaqlı bir fakt olaraq qalır.

Hazırda ərzaq təhlükəsizliyi, kənd təsərrüfatının inkişafı və məhsuldarlığın artırılması günümüzün ən aktual məsələlərindəndir. Kənd təsərrüfatı sektorunun inkişafı torpaq, su və iqlim kimi ətraf mühit amillərindən birbaşa asılıdır.

Fuad Mədətov
Fins.az