Son dövrlərdə kofe Arabika növünün qiymətləri 2011-ci ildən bəri ən yüksək səviyyəyə çatıb. Bloomberg-in məlumatına görə, 16 sentyabr 2024-cü il tarixində ICE Futures birjasında dekabr müqavilələrinin qiymətləri 3,3% artaraq bir funt üçün 2,68 dollar (1 kq üçün 5,9 dollar) olub. Bu artımın səbəbi, Robusta növü ilə bağlı mövcud çatışmazlıqların Arabika növünə olan tələbi artırmasıdır.
Fins.az xəbər verir ki, braziliyada yaşanan qeyri-adi quraqlıq və isti hava şəraiti, bu ölkənin kofe istehsalına ciddi ziyan vurub. Nəticədə, gələcək məhsul potensialı təhlükə altına düşüb. Eyni zamanda, qlobal təchizat zəncirlərindəki problemlər, məsələn, Qırmızı Dənizdəki nəqliyyat kəsintiləri və portlarda sıxlıq, vəziyyəti daha da çətinləşdirir.
Bütün bu faktorlar, qiymətlərin daha da artacağını göstərir. Luigi Lavazza SpA-nın idarə heyətinin sədri Giuseppe Lavazza, kofe qiymətlərinin 2025-ci ilin ortalarına qədər yüksək səviyyədə qalacağını proqnozlaşdırır.